Giriş Qeydiyyat
Cabir Novruz - Cabir Novruz Əsəri

Cabir Novruz Əsəri

Vüsalda hicran yaşayır,
Qocada cavan yaşayır
Heyvanda insan yaşayır,
İnsanda heyvan yaşayır

Qarışıbdır dama-dama,
Qəm sevincə, sevinc qəmə.
İlan zəhərində demə,
Ən nadir dərman yaşayır

Ağ var telin qarasında,
Bal var dilin arasında,
Dirilərin arasında
Yüz-yüz ölü can yaşayır

Haçan ki, yaxşını daddım,
Pisi ürəyimdən atdım.
Çox-çox sirlər, çox-çox adda
Sinəmdə pünhan yaşayır

Sevgisiz ömür dumanda,
Eşqədir bütün imanlar.
Məhəbbətlə göz yumanlar
Allah ilə tən yaşayır

Bəşər yaranandan bəri,
Nəsil gedir, nəsil gəlir,
Oğlumda atam göyərir,
Nəvəmdə babam yaşayır

Xatırlanırlar daima
El yolunda fədailər.
Özü gedib Xətainin
Qılıncında qan yaşayır

Yoruldum yalan yeməkdən,
Baş açmadım çox kələkdən,
Bu dünyada hər məsləkdə,
Hər dində adam yaşayır.

Nələr etməyir insanlar,
Uçur başlar, axır qanlar.
Görürsən bir cılız canda
Yekə aziman yaşayır

Ağlım bir şey kəsən gündən,
Dərd daşıdım kürəyimdə.
Yumruq boyda ürəyimdə
Sonsuz asiman yaşayır

Cabir Novruz 25 April 2021 в 02:22

- Qarışıq şeir və qəzəllər
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status