Giriş Qeydiyyat
Cabir Novruz - Cabir Novruz Əsəri

Cabir Novruz Əsəri

Azadlıqdan dəm vururlar neçə ildir,
Aldadırıq özümüzü, özgələri
Bu nə cürə suverenlik, müstəqillik,
Əsarətdə boğuluruq, göz görəni

Təzə millət dəllalları peyda olub,
İp salıblar kütlələrin boğazına
Güvəncləri mitinq olub, meydan olub,
Güc veriblər səslərinə, ağzına

Heç belə də müstəqillik olar yəni,
Rədd edirəm mən bu cürə azadlığı
Su yerinə axıb gedir insan qanı,
Gərək deyil bizə kölə azadlığı

Gərək deyil, bu millətə gərək deyil,
Qardaşına güllə atmaq azadlığı
Heç bir kəsə şöhrət deyil, şərəf deyil,
Yurdu satmaq, evi satmaq azadlığı

Külli-məxluq dönüb aca, yalavaca,
Bu mərəzin dərmanı nə, əlacı nə?..
Milyonları qova-qova, qaça-qaça,
Çeviriblər köçəriyə, qaraçıya

Sığınıblar dağa-daşa yetim-yetim,
Qan ağlayır torpaq, səma, uzaq, yaxın
Bir tərəfdən düşmən qırır bu milləti,
Bir tərəfdən əli qanlı azadlığı

Ana yurdum yola salıb əsrləri,
Heç bir vaxtı bu qədər xar olmayıbdır
Azərbaycan yarandığı gündən bəri,
Bu cür miskin, bu cür naçar olmayıbdır

Şərəf gedib, namus gedib, inam gedib,
Ədəb gedib, ədəbsizlik başa çıxıb
Nəyim var hürriyyətə qurban gedib,
Hürriyyət də yalan olub, boşa çıxıb

Həsəd ilə baxardılar bir vaxt bizə,
Yoxdu Odlar diyarının bərabəri
İndi onu aşırdıblar böyrü üstdə,
Qarabağı başdan-başa xərabədir

Məni belə günə salan istiqlaldır,
Öz-özümə kəfən oldu azadlığım
Sathasatdır, çaphaçapdır, alhaaldır,
Rədd edirəm belə quldur azadlığı

Əsarətdə yaşadığım o illərim,
Bu gün səsləyirəm dönə-dönə
O əvvəlki vətənimi mənə verin,
O əvvəlki millətimi verin mənə

Cabir Novruz 25 April 2021 в 02:29

- Qarışıq şeir və qəzəllər
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status