Giriş Qeydiyyat
Səməd Vurğun - Səməd Vurğun Əsəri

Səməd Vurğun Əsəri

Bir tərəfdə düyün, bir tərəfdə yas,
Böylə keçinmişdir dilsiz əsrlər.
Şairim, könülün dediyini yaz,
Odur bu dünyada ən böyük əsər.

Deyirlər bu yerin xəyalı şaşqın
Ağızlarda gəzən sevdası varmış.
Könüllər havalı, duyğular daşqın
Sel kimi kükrəyib, coşub axarmış.

Deyirlər suların axar yerində
Çadırlar qurulub yurd salmamış.
Dumanlı dağların ətəklərində
Mal-qara bəslənib, ot çalınarmış.

İlxılar qarışıb kişnəyəndə at
Batarmış göylərin ildırım səsi,
Burda öz-özünə axarmış həyat,
Axarmış suların xoş zümzüməsi.

Üstündə qıy vurub tərlan səslənən
Dağların başını duman alarmış.
Günəşdə, havada, suda bəslənən,
İnsanlar az ölüb gec qocalarmış.

Axarmış su kimi südü, ayranı,
Şəkinin, Şirvanın, Gəncəbasarın.
Qarışıb bir yerə dağı, aranı,
Dili tutularmış boranın, qarın.

Qaçanda Qazağın köhlən atları
Bağrı yarılarmış dəli göylərin.
Çökərmiş altında yerin qatları,
Dirəyi titrərmiş ağac evlərin.

Qoyunlar, quzular düzdə, bələndə
Səs-səsə verişib, mər-mər mələrmiş.
Qapıya bir əziz qonaq gələndə,
Xınalı erkəklər qurban gələrmiş.

Deyirlər, qocalar, düşkün qarılar
Qaranlıq damlara doldurularmış.
Acından quruyub, ölərmiş onlar
İnsanın nə yaman adəti varmış.

Sonra cəsədləri atıb çöllərə,
Didib dağıdarmış qurdlar və quşlar.
Tarix bir karvandır, həyat bir dəvə,
Bir əfsanə gəlir bizə olmuşlar.

Dillənin, ey sönmüş atəşgədələr!
Odlara yandımı dağlar gözəli?
Tarix, de başından keçmişdir nələr?
Nələr törətməmiş insanın əli?

Ey böyük bəşərin çocuqluq yaşı,
Nə çirkin, nə gülünc bir keçmişin var!
Atəşlər aşiqi Zərdüştün başı
Qalmış əsrlərdən bizə yadigar.

Səməd Vurğun 20 June 2021 в 17:36

- Səməd Vurğun
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status