Giriş Qeydiyyat
Səməd Vurğun - Bahar və mən Əsəri

Bahar və mən Əsəri

Bahar nə xoş gəlir, ruha dad verir.
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz! –
Hər gülə, çiçəyə təzə ad verir.

Çıxır dağ döşünə körpə quzular,
Tərlanın səsini əks edir sular.
Səhər yuxusundan ayıldır məni
Sinəmə sığınayan böyük duyğular.

Könül dinc durmayır, oynayır yenə,
Əzəldən aşiqəm həyat şerinə;
İlk dəfə oğlumun əlindən tutub
Çıxmışam səhərin tərlan seyrinə.

Ölümə can vermə ölsən baharda,
Könül müqaddəsdir, qalmasın darda;
Baharın eşqiylə çıxır yuvadan
Balası dalında qarışqalar da.

Yaşıl köynəyini geyinir meşə,
Yaxama quş kimi qonur bənövşə;
Qoy məndən dərs alsın qoca təbiət,
O da könlüm kimi gülsün həmişə.

Bahar nə xoş gəlir, ruha dad verir,
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz! –
Hər gülə, çiçəyə təzə ad verir.

Səməd Vurğun 20 June 2021 в 17:43

- Səməd Vurğun
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status