Giriş Qeydiyyat
Səməd Vurğun - Səhər-Səhər Əsəri

Səhər-Səhər Əsəri

Səhər-səhər seyrə vardım qızıl gülün yanağını,
Açdı könlüm şirin-şirin nəğməli ney dodağını.

Ey ariflər, nəzər salın təbiətin qurğusuna,
Şeyda bülbül kəsərmi heç gül yanından ayağını.

Səhər qumral saçlarını yayan günəş sirdaşımdır,
Axşam üstü çox öpürəm ayın açıq qabağını.

Əzəl gündən aşiqiyəm mən bu günün, bu varlığın,
Bütün dünya bizdən alır səadətin sorağını.

Sən ey mənə şeir yazıb "neçin susdun" deyən şair,
Mən qapalı görməmişəm könlümün söz otağını.

Böhtanını geriyə ud! Əriyərsən bir sözümdən,
Yazıb-yazıb dolduraram sinəmin ağ varağını.

Qara bulud sallamasın ətəyini sərhəd boyu,
Mən dünəndən doldurmuşam patronumun darağını.

Sabahkı hərb meydanında bir əsgərəm, bu bəllidir,
Hər bir sözüm saldıracaq min faşistin yarağını.

Böyük Vətən bir nəfəslə qalxacaq bir çekist kimi,
Tülkülərə verməyəcək aslanların yatağını.

O gün mən də ilhamımla oxşayaraq sevəcəyəm
At belində qılınc vuran Don çayını qazağını.

Səməd Vurğun 20 June 2021 в 17:51

- Səməd Vurğun
- Authors
2013 Qezel.Net IM_CoDeR

Qəzəllər Onlayn status